22 sentyabr tarixində qlobal innovasiya ekosisteminin ən məşhur simalarından biri, minlərlə startapa mentorluq edən Tal Catranın "INNOLAND"də görüşü baş tutub.
Görüş zamanı məşhur startap eksperti Tal Catran iştirakçılara startap sahəsindəki uzunillik təcrübələrindən, startap qurucularının etdikləri səhvlərdən, startapı inkişaf etdirməyin, eləcə də onları qlobal bazara çıxarmağın yollarından danışıb.
Spiker qismində çıxış edən edən Tal Catranın çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbir zamanı startap mövzusu ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir ingilis dilində baş tutub.
"Global Hack" mövcud böhran - Covid -19 pandemiyası qarşısında təcili olaraq lazım olan həllər üçün fikir mübadiləsi və onları sürətli şəkildə inkişaf etdirmək, habelə post-pandemiya dövründə davamlılıq yaratmaq üçün hazırlanmış onlayn hakatondur. Məqsəd dünya səviyyəli mentorları və istedadlı komandaları bir araya gətirərək daha yaxşı bir gələcək üçün həll yolları yaratmaqdır. 13 mart tarixində Estoniyada başlayan hakaton artıq bütün dünyanın diqqətini cəlb edib. Dünyanın bir çox ölkələrindən olan qurumlar və startap mərkəzləri bu hərəkata qoşulub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi olaraq biz də "Global Hack" hakatonunun tərəfdaşı olduq.
9-12 Aprel tarixlərində onlayn şəkildə keçiriləcək "Global Hack" hakatonuna siz də qoşulun.
Daha ətraflı: https://theglobalhack.com/
“StartupFest 2019” çərçivəsində “Biznes sektorunda Rəqəmsal Transformasiya: İmkanlar və Çağırışlar” mövzusunda panel sessiya təşkil olunub.
Panel sessiya biznes liderlərinin rəqəmsallaşma sahəsində müxtəlif baxışlarını, təcrübələrini, uğur hekayələrini və çətinlikləri əhatə edib.
Bu paneldə “Biznes üçün rəqəmsal transformasiyanin əhəmiyyəti”, “Gələcəyin biznesi Rəqəmsal transformasiya rəqabətdə üstünlüyün elementi kimi”, “Özəl təşkilatlara dövlət dəstəyi – məlumat paylaşımı, sistem inteqrasiyası” kimi mövzular müzakirə olunub.
Sessiyada “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağızadə, “AzerTelecom” MMC-nin direktoru Fuad Allahverdiyev, “SİNAM” MMC-nin prezidenti Elçin Əliyev, Azərbaycan Beynəlxalq Bankının İdarə heyətinin sədr müavini Taleh Tahirli, “Bank Respublika”nın İdarə heyətinin sədr müavini Elnur Həsənov, “Yandex.Money”in bölmə rəhbəri Stefan Şevçenko çıxış ediblər.
Sessiyanın moderatoru “AzerTelecom”un strategiya üzrə müşaviri Azər Bayramov olub.
“StartupFest 2019” Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılır.
Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.
Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.
7-8 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatı dəstəyi ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası tərəfindən "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində “NASA Space Apps Challenge” hakatonu keçirilib.
Açılış mərasimində “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Strategiya və biznesin inkişafı departamentinin direktoru Natəvan Həsənova, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasınının idarə heyətinin sədr müavini Rauf Cabbarov, “NASA Space Apps Baku”nun layihə rəhbəri Nigar Rəsulzadə və digər qonaqlar iştirak ediblər.
Hakatonun məqsədi qlobal əhəmiyyətli prioritet istiqamətlərdə qeyd olunan mövzulara dair açıq mənbəli həllər yaratmaqdır. Eyni zamanda müvafiq sahələrin elmi tədqiqinə maraq oyatmaq, yeni nəsil alimlərin, texnoloqların, dizaynerlərin və mühəndislərin böyüməsini və müxtəlifliyini təşviq etmək əsas hədəflərdir.
Müsabiqədə 690 müraciətçidən müsabiqə üsulu ilə seçilmiş 23 komanda iştirak edib. Tələblərə cavab verən və 14 yaşdan yuxarı 3-4 nəfər üzvdən ibarət komandalar 36 saat ərzində hakatonun əsas mövzuları olan iqlimin idarəolunması, təhsil texnologiyaları, yanğınların idarəolunması, virtual və artırılmış reallıqlar, sosial layihələr istiqamətlərində tapşırıqları həll ediblər.
Yekunda komandaların təqdimatlarına əsasən qiymətləndirmələr aparılacaq, orijinallığı, konseptləri, ixtiraçılığı ilə fərqlənən, yaradıcı problem həlli və qeyri-standart düşünmə nümayiş etdirən həllər 3 yer üzrə qiymətləndiriləcək və müvafiq olaraq mükafatlandırılacaqlar. Ölkə üzrə qalib gələn komandalar dünyanın 350 şəhərində keçirilmiş hakaton qalibləri ilə birgə yarışacaqlar.