18 Fevral, 2021

Dövlət Agentliyinin sədri inkubasiya və akselerasiya mərkəzlərinin rəhbərləri ilə görüşüb

17 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində  “İnnovasiya ekosistemi toplantısı”  keçirilib.
 
Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, həmçinin innovasiyalar sahəsində aktiv fəaliyyət göstərən 11 müxtəlif inkubasiya və akselerasiya mərkəzinin rəhbərləri iştirak ediblər.
 
Dövlət Agentliyinin sədri  innovasiyalar sahəsində ölkə rəhbərliyinin tapşırığı ilə aidiyyatı qurumlar tərəfindən əhəmiyyətli işlərin görüldüyünü bildirib. Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, Dövlət Agentliyi tərəfindən öz səlahiyyətlərinə uyğun olaraq dövlət xidmətləri, rəqəmsal hökumət və sosial sahədə bir sıra innovasiyalar tətbiq edilib. Bildirilib ki, ölkə rəhbərliyinin iştirakı ilə açılışı həyata keçirilən “INNOLAND” Mərkəzində bu günə kimi formalaşdırılan imkanlardan bütün ekosistem oyunçuları bərabər şəkildə istifadə edə bilərlər.
 
Görüşdə ölkəmizdə innovativ ideyaların təşviqi, startap mühitinin inkişafı, əlverişli qanunvericilik və maliyyələşmə mexanizimlərinin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
 
Ekosistem oyunçuları innovativ texnologiyalar sahəsində mümkün perspektivləri və yeni çağırışları da müzakirə ediblər. Onlar bu cür formatda görüşlərin keçirilməsinin və yaxşı təcrübələrin bölüşülməsinin əhəmiyyətini  vurğulayıblar.  
 
Həmçinin gələcək planlar və əməkdaşlıqlar barədə danışılıb, bir sıra qərarlar qəbul olunub.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

Məhsuldan “Demo Day”ə mövzusunda vebinar keçirilib

Məhsuldan “Demo Day”ə mövzusunda vebinar keçirilib. Vebinar zamanı oyun layihələrinin məhsul mərhələsindən “Demo Day”ə qədər keçdiyi yol, bu prosesdə diqqət edilməli əsas məqamlar və praktiki təcrübələr iştirakçılarla bölüşülüb. “Neecro Project Studio”nun təsisçisi Şamil Namazovun moderatorluğu ilə keçirilən görüşdə Nicat Əmiraslanov iştirakçılara İnnolandın fəaliyyəti haqqında məlumat verib.

Daha sonra “Game Design Academia”nın həmtəsisçiləri Egehan Doğan, Nurevşan Doğan və Nihat Baran Menteş mövzu ilə bağlı çıxış edərək öz təcrübələrini və praktiki yanaşmalarını iştirakçılarla bölüşüblər.

Vebinarın sonunda keçirilən sual-cavab sessiyasında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ətraflı oxu
innoland news image

Türkiyənin Bilişim vadisinin nümayəndə heyəti “İnnovasiyalar Mərkəzi”nin qonağı olub

19 sentyabr 2022-ci il tarixində Türkiyə Sənaye və Texnologiya Nazirliyinin Bilişim vadisinin nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin qonağı olub. 

Görüşdə Mərkəzin direktoru Vüsal Rüstəmov, Türkiyə Sənaye və Texnologiya Nazirliyinin Bilişim Vadisinin direktoru Serdar İbrahimcioğlu, Yıldız Texniki Universitetinin professoru Dr. Mesut Güner, texnoparklarla bağlı mütəxəssislər və digər aidiyyəti nümayəndələr iştirak ediblər.

Görüş zamanı Vüsal Rüstəmov Azərbaycanda innovasiya ekosisteminin inkişafının sürətləndirilməsi və innovativ həllərin hazırlanması istiqamətində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” barədə məlumat verib. Həmçinin “INNOLAND”in bu sahəyə verdiyi töhfələrdən, yeni startaplar və yüksək texnologiyaların hazırlanması istiqamətində həyata keçirilən tədbir və layihələrdən danışıb. Eyni zamanda bu sahədə bilik və qarşılıqlı təcrübə mübadiləsi, ölkəmizin startap ekosisteminin və biznes şəraitinin inkişafı istiqamətində birgə layihələr müzakirə olunub.

Qonaqlar, həmçinin ASAN İnnovativ İnkişaf Mərkəzi və “Bilim Bakı” mərkəzində fəaliyyət göstərən təlim otaqları və laboratoriyalarla da yerində tanış olublar. 

Görüşün nəticəsi olaraq aidiyyəti istiqamətlər üzrə gələcək əməkdaşlığa dair razılıq əldə olunub.

Ətraflı oxu
innoland news image

"CAVAN" gənclər hərəkatının “Explore & Connect” layihəsi çərçivəsində "INNOLAND"də infotur təşkil olunub

"CAVAN" gənclər hərəkatının “Explore & Connect” layihəsi çərçivəsində "INNOLAND"də infotur təşkil olunub.

Gənclərə ilk olaraq mərkəz və rezidentimiz olan "iLab" haqqında məlumat verildi. Daha sonra mərkəzdə fəaliyyət göstərən innovativ startaplarla tanış olaraq onların iş prinsipləri və layihələri ilə yaxından tanış oldular.

Ətraflı oxu