4-14 iyul 2019-cu il tarixində “INNOLAND“ İnkubasiya və Akselerasiya Mərkəzinin rəhbərliyi ABŞ-ın Kaliforniya ştatında işgüzar səfərdə olub. Səfərin əsas məqsədi dünyanın ən qabaqcıl startap ekosistemi olan Silicon Valley şirkətləri ilə görüşlər, mümkün əməkdaşlıqların müzakirəsi olub. Səfər çərçivəsində “Facebook”, “Google”, “Salesforce”, “Linkedin”, “500 startups” və digər tanınmış şirkətlərlə görüşlər keçirilib.
Həmçinin səfər zamanı “INNOLAND” Mərkəzi və “Global Kinetiks” şirkəti arasında əldə olunan razılaşmaya əsasən cari ilin sentyabr ayından başlayaraq Mərkəzin akselerasiya proqramına qoşulan startaplar üçün “Silicon Valley in Your Pocket” proqramı həyata keçiriləcək. Bu çərçivədə 8 həftəlik mentorluq və birbaşa məsləhət xidmətləri təmin olunacaq.
Proqram rəhbəri Jeff Wallace bu əməkdaşlığın sadəcə Azərbaycan üçün deyil, bütün region üçün körpü rolunu oynaya biləcəyini bildirib.
Car ilin sonunda San Fransisko şəhərində “INNOLAND” nümayəndəliyinin açılması planlaşdırılır. Nümayəndəlik xarici ekspertlərin məsafədən Mərkəzdəki startaplara mentorluğun təşkil olunması, potensiallı yerli startapların xarici bazarlara çıxmasının dəstəklənməsi, investisiyanın cəlb olunması, hüquqi işlər və digər bu növ işlərin təşkili ilə məşğul olacaq.
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi və “Bank Respublika”nın birgə Akselerasiya və İnkubasiya proqramına seçimlər başa çatıb.
Münsiflər heyətinin qarşısında öz layihələrini təqdim edən 11 startapdan 5-i yüksək bal toplayaraq proqramda iştirak etmək haqqı qazanıb.
Seçimlərdən uğurla keçən “PayLink”, “OnePoint”, “Fintrack”, “Dama-Dama” və “Bankoff” komandaları “INNOLAND“də öz layihələrini reallaşdırmaq şansı əldə ediblər.
Bununla yanaşı qalib komandaların təsisçiləri 2020-ci ildə Türkiyədə keçiriləcək “Startup Turkey” tədbirində iştirak edəcəklər.
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin müasir təhsil yanaşmaları ilə tanışlığı və innovativ düşüncələrinin inkişafı məqsədilə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və ADPU ENACTUS komandasının birgə təşkilatçılığı ilə bir sıra maarifləndirici sessiyalar təşkil olunub. Sessiyalarda tanınmış mütəxəssislər tədris prosesində yeni metod və alətlərin tətbiqi, layihə əsaslı və oyun əsaslı öyrənmənin tədrisdə rolu, eləcə də rəqəmsal platformalardan istifadənin perspektivləri haqqında ətraflı məlumat veriblər. 16 may tarixində baş tutan “Online Təhsil Platforması” adlı sessiyada ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov açılış nitqi ilə çıxış edib. Görüşdə “Safavy” platformasının təsisçisi Könül Quliyeva onlayn təhsilin inkişaf dinamikası və tətbiq imkanları barədə təqdimatla çıxış edib. 19 may tarixində keçirilən “Gələcəyin təhsili: Layihə əsaslı öyrənməyə keçid” sessiyasında çıxış edən “Taskool” platformasının təsisçisi Nəriman Qarayev layihə əsaslı təhsil modelinin mahiyyəti və tədrisdəki effektivliyi ilə bağlı praktik nümunələr əsasında tələbələrlə müzakirə aparıb. Tədbirin açılışını ADPU ENACTUS komandasının rəhbəri Şahin Məmmədli, təqdimat hissəsini isə Aytac Abbasova həyata keçirib. 20 may tarixində baş tutan “Məktəbdə interaktiv oyunlardan istifadənin yolları” adlı sessiyanın açılışını komandanın koordinatoru Zenfira Seyidova həyata keçirib. “Bilim Bakı” mərkəzinin müəllimi Aynur Hüseynova tədrisdə oyun metodikasının tətbiqi və şagird motivasiyasının artırılmasına dair praktiki tövsiyələrini bölüşüb. Sessiyalar tələbələrin böyük marağı ilə qarşılanıb və hər üç görüş interaktiv müzakirələr, sual-cavab sessiyaları formasında keçib.
ÜTÜ Qrup (ünsiyyətin təkmilləşdirilməsi üsulları) şirkətinin və "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə “Sabahın Gücü” inkişaf proqramının təlimçiləri üçün "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinə infosessiya səfəri təşkil olunub.
Səfər zamanı iştirakçılar mərkəzin fəaliyyəti, startap ekosistemi, ideyaların biznesə çevrilməsi mərhələləri və innovasiya mühitinin iş prinsipləri barədə dəyərli məlumatlar əldə etdilər.
İnfosessiya INNOLAND komandası tərəfindən təqdim olundu.