12 Noyabr, 2018

İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Elektron Hökumətin İnkişafı Mərkəzinin açılışı zamanı "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi təqdim olunub. “INNOLAND”in fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, “INNOLAND” Azərbaycanda, eyni zamanda, onun hüdudlarından kənarda özəl sektorun inkişaf etdirilməsi, innovasiyanın təşviqi və startap hərəkatının genişləndirilməsi üçün yaradılan inkubasiya, akselerasiya və araşdırma mərkəzidir. İNNOLAND Kovörkinq, İnkubasiya, Akselerasiya və İT Təlim-Tədris Mərkəzindən ibarətdir. Buradakı “Kovörkinq” mərkəzi startaplar, proqramçılar, innovasiyalar sahəsində tək və ya kiçik komanda ilə işləyən şəxslər üçün sərfəli və bir çox imkanları özündə birləşdirən iş yeridir. “INNOLAND”də fəaliyyət göstərəcək “Kovörkinq” mərkəzi həftənin 7 günü 24 saat giriş imkanına, yüksək sürətli internetə, vahid məlumat köşkünə, mentor dəstəyinə malikdir.

İT Təlim-Tədris Mərkəzi isə gənclərə proqramlaşdırma və informasiya texnologiyaları üzrə biliklərin öyrədildiyi, kodlaşdırma bacarıqlarının verildiyi məkandır. Mərkəzdə süni intellekt, robotlaşdırma və onları dəstəkləyən proqramlaşdırma dillərinə üstünlük verilir. Dərslər “bootcamp” formatında üç ay ərzində hər gün keçirilir. İnkubasiya dövründə startaplara ideyalarının formalaşdırılmasına kömək göstərilir. Bu müddətdə əvvəlcədən müəyyənləşdirilmiş istiqamətlər üzrə ildə 4 dəfə ideya müsabiqəsi elan olunur. Müvafiq meyarlara əsasən müsabiqəyə əvvəlcədən müəyyənləşdirilmiş say üzrə ideya qəbul edilir. İnkubasiya dövründə uğurla formalaşmış ideyaların ilkin versiyaları test edilməsi, prototiplərin hazırlanması üçün akselerasiya mərhələsinə keçirilir. Bu mərhələdə komandaya mütəmadi şəkildə mentor dəstəyi göstərilir. Mərkəzdə fəaliyyət göstərən startaplar İnkubasiya və Akselerasiya dövründə “INNOLAND”in innovasiyalar və İKT sahəsində ümumi fəaliyyətindən də yararlanacaqlar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva burada innovativ layihələrlə də tanış oldular.

Bildirildi ki, “Wattbooster” qurğusu elektrik enerjisinin faydalı iş əmsalını artırır, elektromaqnit sahəsinin hesabına daha çox enerji istehsal edir. Nəticədə elektrik avadanlıqlarının enerji sərfiyyatına qənaət olunur. Hələlik bu qurğu mobil operatorların antennalarının elektrik enerjisinin sərfiyyatının azaldılması üçün nəzərdə tutulub.

“Lia” adlı spinal qurğu onurğa sütununun vəziyyətinə nəzarət edir və insanda düzgün qamət yaradır. Mikrokontroller və iki sensordan ibarət olan, çiyindən asılan “Lia” minimum 3 həftədən sonra heç bir narahatlıq hissi doğurmadan onurğa sütununu düzəltməyə kömək edir. Sensor çiyinlərin vəziyyətini müəyyən edərək duruşun düzgünlüyünü yoxlayır. İstifadəçinin duruşu səhv vəziyyətdə olduğu halda telefonuna bildiriş gəlir və qaməti düzəltmək yada salınır.

“Safee” adlı ixtira yolda təhlükəsiz şəkildə, əsasən axşam vaxtı velosiped sürmək üçün dizayn edilib. Cihaz təhlükəsizlik işarələrini velosiped sürücüsünün bel nahiyəsinə əks etdirir. Nadir cihaz istehsal olunduğu ilk gündən dünya mediasında böyük maraq doğurub. Belə ki, BBC, Mirror, Yahoo və digər media qurumlarında layihə haqqında məqalələr dərc edilib və o, bir neçə qlobal mükafata layiq görülüb. Yaxın gələcəkdə kütləvi istehsalına başlanılacaq bu cihaz üçün bir sıra ölkələrdən yüzlərlə sifariş daxil olub.

“Wetravel” isə turizm şirkətləri üçün ödəmə şəbəkəsidir. Şəbəkə istifadəçisi olan şirkətlər bir-birləri ilə pul mübadiləsini ən aşağı komissiya ilə həyata keçirə bilərlər. Otellər, hostellər, aviaşirkətlər, səyahət agentlikləri və bu qəbildən digər şirkətlər platformanın imkanlarından yararlana bilərlər. “Wetravel” istifadəçilərə səyyah məlumatının, ödənişlərin asanlıqla toplanması, ən aşağı məzənnə ilə beynəlxalq ödənişlər kimi imkan yaradır. Platforma vasitəsilə 80-dən çox ölkəyə minlərlə səfər təşkil edilib.

“Namo Media” onlayn reklam idarəetmə sistemidir. Fox, ESPN kimi böyük xəbər saytlarının reklam idarəetməsi bu sistemlə həyata keçirilir. “Namo Media” 2014-cü ildə Twitter şirkəti tərəfindən 50 milyon dollar dəyərində qiymətləndirilərək alınıb.

Bu startaplar azərbaycanlı təsisçilər tərəfindən hazırlanıb və qlobal bazarı hədəfləyir.

Mənbə: President.az

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

Şəhid övladları üçün “Gənclik düşərgəsi” təşkil olunub.

Şəhid övladları üçün “Gənclik düşərgəsi” təşkil olunub
 
Layihə çərçivəsində "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən 7–23 yaş aralığında olan şəhid övladları üçün bir sıra maarifləndirici və praktiki sessiyalar keçirilib.
“Şəhərsalma yaradıcılığı” fəaliyyəti zamanı komandalara təqdim olunan ləvazimatlar vasitəsilə yenilikçi şəhər modelləri hazırlanıb və sərgilənib. Həmçinin, innovasiya və ideya generasiyası mövzusunda təlimlər təşkil olunub. İştirakçılar startap anlayışı, ideyanın formalaşdırılması və təqdimat bacarıqları üzrə interaktiv sessiyalara qatılıblar.
Proqram müddətində gənclər yaradıcı düşünmə, problem həlli və ideyaların effektiv təqdimatı istiqamətində bilik və bacarıqlarını inkişaf etdiriblər.
Layihə “YAŞAT” Fondunun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Goranboy Rayon İcra Hakimiyyətinin, ASAN Könüllüləri Təşkilatının, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, Bakı Psixologiya Mərkəzinin və Azərbaycan İnsan Resursları Assosiasiyasının dəstəyi ilə baş tutub.
“Gənclik düşərgəsi” gənclərin potensialının üzə çıxarılması, onların gələcək təhsil və karyera seçimlərinə müsbət istiqamət verilməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilir.
Ətraflı oxu
innoland news image

İnnovasiya ekosisteminin inkişafı üçün “İNNOKLUB” yaradılıb.

Ölkəmizdə startap ekosisteminin formalaşması və inkişafı prossesi sürətlə davam edir. 

Ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq startapların və innovasiyalı müəssisələrin inkişafını stimullaşdırmaq, effektiv koordinasiyanı  təmin etmək, ekosistem oyunçularına dəstək tədbirlərini genişləndirmək və yerli startaplara investisiya imkanlarını artırmaq  məqsədilə “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “İNNOKLUB”un yaradılması ilə bağlı kollektiv sazişin imzalanması mərasimi keçirilib. 

Qeyd edək ki, "İNNOKLUB" ekosistemin əsas oyunçuları olan “İnnovasiyalar Mərkəzi”, “NextStep”, “Yeni Fikir”, “Lotfi Zadeh Texnologiya Mərkəzi”, “New Space”, "IBA İnnovasiya Mərkəzi”, “Tech.az”, “Technovate”, “Paşa Holding” şirkətlərinin təşəbbüsü ilə yaradılıb.

Tədbirdə qonaq qismində dəvət olunmuş "500 Startups” şirkətinin  regional direktoru Arianne Dilts görüş iştirakçılarının innovativ texnoloji sahibkarlığın inkişafı istiqamətində səylərini yüksək qiymətləndirərək klubun gələcək fəaliyyətinə uğurlar arzu ediblər.

“İNNOKLUB” üzvlərinin fəaliyyətini əlaqələndirmə və katiblik funksiyasını “İnnovasiyalar Mərkəzi” yerinə yetirəcək.

Ətraflı oxu
innoland news image

Azərbaycan startapları "CEME" beynəlxalq akselerasiya proqramına qəbul olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin ASAN AI Hub və INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin əməkdaşlığı çərçivəsində Azərbaycan startapları Qazaxıstan bazarına daxil olmağa yönəlmiş beynəlxalq “Central Eurasia Market Entry” (CEME) akselerasiya proqramına qəbul olunub.
 
Astana Hub tərəfindən Almatı Akimatının dəstəyi ilə həyata keçirilən “CEME” proqramının fiziki mərhələsi artıq başlayıb. 12 həftəlik proqram çərçivəsində iştirakçı startaplar Qazaxıstan bazarının xüsusiyyətlərini öyrənəcək, potensial müştəri və tərəfdaşlarla əlaqələr quracaq, məhsullarını yerli tələblərə uyğunlaşdıracaq və pilot layihələrin həyata keçirilməsi imkanlarını araşdıracaqlar.
Proqramda iştirak edən Azərbaycan startapları “Park Hub Baku” və “Floume AI” texnoloji həllərini beynəlxalq bazarda inkişaf etdirmək və yeni biznes əlaqələri qurmaq istiqamətində fəaliyyət göstərəcəklər.
 
“Park Hub Baku" müxtəlif parklanma məntəqələrini vahid mobil tətbiq və abunə modeli altında birləşdirən texnoloji platformadır. İstifadəçilər bir abunə vasitəsilə tərəfdaş parklanma məntəqələrindən yararlana, ehtiyaclarına uyğun plan seçə və tətbiq üzərindən mövcud parklanma yerlərini tapa bilirlər. Platformanın əsas məqsədi sürücülərin parklanma zamanı vaxt və xərclərini azaltmaq, eləcə də parklanma operatorlarının mövcud yerlərdən daha səmərəli istifadəsini təmin etməkdir. “CEME” proqramı çərçivəsində “Park Hub Baku” öz təcrübəsini Qazaxıstan bazarında genişləndirmək və Almatının şəhər infrastrukturu ilə bağlı ehtiyaclarını araşdırmaq imkanına malik olacaq.
 
“Floume AI” müxtəlif hədiyyə təkliflərini vahid platformada birləşdirən, süni intellekt dəstəkli onlayn marketplace-dir. İstifadəçilər büdcə və seçimlərini daxil etməklə süni intellekt vasitəsilə uyğun gül buketi və ya hədiyyə tapa, müxtəlif mağazaların məhsul və qiymətlərini müqayisə edə, sifariş verə və çatdırılmanı izləyə bilirlər. Hazırda 50-dən çox tərəfdaş mağaza ilə əməkdaşlıq edən platforma 10 mindən çox hədiyyənin çatdırılmasını həyata keçirib. “CEME” proqramında iştirak “Floume AI” üçün Qazaxıstan bazarında yeni müştəri və tərəfdaşlarla əlaqələr qurmaq, həmçinin platformanın inkişaf imkanlarını araşdırmaq baxımından əhəmiyyətli mərhələdir.
Ətraflı oxu