15 Avqust, 2019

Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyilə Bank Respublika və “INNOLAND” fintex-startaplar üçün innovativ layihəyə başlayır

“Bank Respublika” ASC və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə ölkədə ilk dəfə olaraq fintex-startuplar üçün “Open Banking Lab” layihəsinə başlayır. 16 həftə davam edəcək layihə çərçivəsində fintex-startapçılar fərdi və ya komanda şəklində öz ideyalarını təqdim edə biləcəklər. İlkin seçmə mərhələləsini keçən fintex-startuplar inkubasiya proqramında iştirak edərək qabaqcıl ekspertlərin iştirakı ilə təlim keçə biləcəklər. Eyni zamanda, fərqlənən iştirakçılara ölkədə ilk dəfə olaraq “Bank Respublika” ASC-nin maliyyə xidmətlərinə qoşulmaq üçün test rejimində olan Açıq API interfeysinə çıxış veriləcəkdir.

Açıq API (Open API) - müştərilərə bank xidmətlərini bankdankənar servislər, məsələn, ödəniş platformaları və ya onlayn kredit platformaları vasitəsilə əldə etmək imkanı verən bir mexanizmdir. Açıq API vasitəsilə developerlər bank müştəriləri üçün müştəri yönümlü və onların ehtiyaclarını qarşılayan proqram və xidmətlər yarada biləcəklər.

Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə “Bank Respublika” ASC tərəfindən ölkədə ilk dəfə olaraq test rejimində Açıq API laiyhəsinin bu cür təqdim edilməsi banklarla fintexlər arasında qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi, qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi imkanlarının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ətraflı oxu

Digər xəbərlər

innoland news image

"ASAN xidmət"in dəstəyi ilə keçirilən "NASA Space Apps Challenge” hakatonu yekunlaşıb

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və  Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin təşkilatı dəstəyi ilə Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası tərəfindən "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində reallaşdırılan “NASA Space Apps Challenge” hakatonu yekunlaşıb.

Hakatonun bağlanış tədbirində Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Strategiya və biznesin inkişafı departamentinin direktoru Natavan Həsənova, “NASA Space Apps Baku”nun layihə rəhbəri Nigar Rəsulzadə və digər qonaqlar iştirak ediblər.

Hakatonun məqsədi qlobal əhəmiyyətli prioritet istiqamətlərdə qeyd olunan mövzulara dair açıq mənbəli həllər yaratmaq, müvafiq sahələrin elmi tədqiqinə maraq oyatmaq, yeni nəsil alimlərin, texnoloqların, dizaynerlərin və mühəndislərin böyüməsini və müxtəlifliyini təşviq etməkdir. 

Müsabiqədə 690 müraciətçidən müsabiqə üsulu ilə seçilmiş 23 komanda 36 saat ərzində (7-8 oktyabr tarixində) hakatonun əsas mövzuları olan iqlimin idarəolunması, təhsil texnologiyaları, yanğınların idarəolunması, virtual və artırılmış reallıqlar, sosial layihələr istiqamətlərində tapşırıqları həll edib.  

Bağlanış tədbirində komandaların hazırladıqları prototiplər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Orijinallığı, konseptləri,  ixtiraçılığı ilə fərqlənən, yaradıcı problem həlli və qeyri-standart düşünmə nümayiş etdirən həllər 3 yer üzrə seçilib. 

Komandalar arasından "Optimum"  1-ci yerə, "Proxima" 2-ci yerə, "PlatonTech" isə 3-cü yerə layiq görülüb.

Sonda qalib komandalara mükafatlar təqdim olunub. 

Ölkə üzrə qalib gələn komandalar dünyanın 350 şəhərində keçirilmiş hakaton qalibləri ilə birgə yarışacaqlar.

Ətraflı oxu
innoland news image

Startap rezidentimiz "Taskool" Azərbaycan Dövlət İqtisad Universitetiylə əməkdaşlığa başlayıb

Startap rezidentimiz "Taskool" Azərbaycan Dövlət İqtisad Universitetiylə əməkdaşlığa başlayıb.

Tərəflər "STEAMLAND" innovativ tədqiqat mərkəzi çərçivəsində birgə fəaliyyətlər göstərəcəklər. Mərkəz universitet və məktəblər arasında körpü yaradaraq məktəblilərdə "STEAM" (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) sahələri üzrə layihə əsaslı öyrənmənin və tədqiqat üçün lazım olan yumşaq və texniki bacarıqların əsasını formalaşdıracaq.

"Taskool" təhsil sahəsində startap olaraq yaratdığı əsas innovativ təşəbbüslərindən biri dünyada universitetlər üçün yeni, alternativ qəbul prosesidir. Platformada ali məktəbə təqdim etmək üçün şagirdlərə akademik portfel, praktikaya dayanan biliklər əldə etmək üçün "STEAM" layihələr bankı, istedadlıları üzə çıxarmaq üçün Olimpiada və Hakaton mərkəzi, həmçinin qlobal şəbəkələşmələri istiqamətində icma qrupları yaradaraq innovativ təhsil fəaliyyətləri həyata keçirir.

Ətraflı oxu
innoland news image

Qlobal hakatona qoşul, dünyanın gələcəyini dəyiş!

"Global Hack" mövcud böhran - Covid -19 pandemiyası qarşısında təcili olaraq lazım olan həllər üçün fikir mübadiləsi və onları sürətli şəkildə inkişaf etdirmək, habelə post-pandemiya dövründə davamlılıq yaratmaq üçün hazırlanmış onlayn hakatondur. Məqsəd dünya səviyyəli mentorları və istedadlı komandaları bir araya gətirərək daha yaxşı bir gələcək üçün həll yolları yaratmaqdır. 13 mart tarixində Estoniyada başlayan hakaton artıq bütün dünyanın diqqətini cəlb edib. Dünyanın bir çox ölkələrindən olan qurumlar və startap mərkəzləri bu hərəkata qoşulub. 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi olaraq biz də "Global Hack" hakatonunun tərəfdaşı olduq.

9-12 Aprel tarixlərində onlayn şəkildə keçiriləcək "Global Hack" hakatonuna siz də qoşulun. 

Daha ətraflı: https://theglobalhack.com/

Ətraflı oxu